Azərbaycanda uşaqların internet klublarında internetdən istifadəsi ilə bağlı bəzi məhdudiyyətlərin qoyulacağı, klubların fəaliyyətinə nəzarətin gücləndiriləcəyi gözlənilir.
Oxu.Az AzNews.Az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təhsildən yayınma və uşaqlar arasında zorakılıq hallarının baş verməsinə əsaslı təsir göstərən amillərdən biri məhz uşaqların internetdən kortəbii istifadəsi hallarıdır.
Bunu nəzərə alan Dövlət Komitəsi beynəlxalq, xüsusilə Türkiyə təcrübəsini ətraflı öyrənərək uşaqların internetdən təhlükəsiz istifadəsi məqsədilə təkliflər hazırlayıb.
Təkliflər internet klublarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların hazırlanmasını nəzərdə tutur.
Qeyd edilib ki, yaşı 12-dən aşağı olan uşaqları internet klublarına valideyn gətirməlidir. Yaşı 14-dən yuxarı olan uşaqlar isə saat 20:00-dan sonra internet klublarına yalnız valideynlə birgə gələ bilərlər.