Xaçmaz şəhəri N.Nərimanov küçəsi, 78 ünvanındakı 5 mərtəbəli yaşayış binası uça bilər.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, zirzəminin çirkab suları ilə dolu olduğunu deyən bina sakinləri dam örtüyünün bərbad vəziyyətdə olduğunu bildirib və rəsmilərin laqeydliyindən şikayət edirlər.
Bu binada 4 il əvvəl də eyni mövzu ilə bağlı çəkiliş aparılıb. O vaxtdan sakinlərin şikayəti yerində sayır, rəsmi qurumlar daşı-daş üstünə qoymayıblar.
Sözügedən binanın sakini Səlimə Musayeva deyir ki, şikayətə baxan olmayıb:
“Gələn olmadı, icraya qədər şikayət eləmişəm, baxan yoxdu. Bura birinci köçən adam da mən olmuşam. O vaxtdan bu yana, nə bu pilləkənləri süpürən oldu, nə də binanın damına baxan oldu, hazırda binanın zirzəmisi ağzına kimi sudur”.
Digər sakin Maysənəm Məmmədova qeyd etdi ki, qəzalı vəziyyətdə olan binanın birinci mərtəbəsində yaşayır, amma rütubət və kanalizasiya iyindən qonaq qarşılamağı bacarmır:
“Evimdə qonağın yanında üzüqara oluram, evdə balaca uşaqlar var. Hamısı bu saat yatırlar, uşaqların ayaqları yel tutub, mən bilmirəm neyləyim”.
Sakinlər 4 il əvvəl ANS-ə vəd verən Xaçmaz Su İdarəsinin rəsmilərinin problemin həlli istiqamətində heç bir iş görmədiyindən də gileyləndilər.
Növbəti sakin Qəribşah Ələkbərovun sözlərinə görə, vəziyyət acınacaqlıdır, gördüyünüz kimi su binanın zirzəmisinə dolur. Hələ burda qış vaxtı su qapının ağzına kimi gəlib çıxır. Bir də ki, binanın dam örtüyü sınıq-sınıqdır.
Orda olduğumuz zamanı zirzəmidən gələn pis iy səbəbindən ərazidə dayanmaq çox çətin idi. Xatırladaq ki, 1988-ci ildə istifadəyə verilmiş bina, elə bil müharibədən çıxmışdı, dam örtüyü də qəzalı vəziyyətdə idi.
Xaçmaz Su İdarəsinin baş mühəndisi Bəybala Musayevin yenidən vədlər verməsi isə sakinləri özündən çıxardı.