Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, ölkə xaricindən Azərbaycana gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb.
Bu məlumat cəmiyyət arasında ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva Oxu.Az-a bildirib ki, əhali arasında yanlış fikir yayılıb ki, hazırda ölkədə yeni virus peyda olub və testlər bunu aşkar edə bilmir:
“Bu, tamamilə yanlış düşüncədir. Koronavirusun bütün ştammları istər “Alfa”, “Beta”, “Delta”, istərsə də “Omikron” COVID-19 PCR testində müsbət göstərir. Amma bu test hansı ştamm olmasını fərqləndirə və təyin edə bilmir. Ştammın növünü təyin etmək üçün isə əlavə laborator analizə ehtiyac olur. COVID-19 PCR testi neqativ olan xəstələr böyük ehtimal digər respirator viruslardan birinə yoluxmuş hesab olunurlar. Bunlar arasında uzun müddət davam edən, daha çox ağırlaşmalara və bakterial koinfeksiyalara meyilli olan növ “influenza”dır”.
Könül Cəfərli