“Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə xırdabuynuzlu heyvanların ixracına razılıq alınıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.
:640.jpg)
Onun sözlərinə görə, bu istiqamətdə Səudiyyə Ərəbistanı və Qətər dövləti ilə danışıqlar davam etdirilir:
“Eyni zamanda, Avropa ölkələrinə balıq kürüsü, dəri, yun, ilbiz və digər məhsulların idxalına icazə alınaraq ixracına başlanıb. Balıq və arıçılıq məhsulları üzrə aidiyyəti icazələrin alınması üzərində isə iş aparılır”.
O qeyd edib ki, heyvanların Türkiyə Respublikasına ixrac edilməsi üçün nodulyar dermatit xəstəliyinə görə qoyulmuş qadağa aradan qaldırılıb:
“İşçi və kəsim təsnifatına aid atların Qazaxıstan Respublikasına ixracatı bərpa edilib və atların Rusiya Federasiyasının ərazisi ilə quru yolla daşınmasına icazə alınıb”.
O qeyd edib ki, hazırda ilbizlə bağlı bir müəssisədən Fransaya ixrac var: “Bu sahəyə maraq göstərən və məsləhət alan başqa müəssisələr də var”.
İlhamə Əbülfət