Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu sabah, mayın 26-da yola salınacaq.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola düşəcəklər.
Zəvvarlar neçə nəfərdir?
Bu mərhələdə 178 nəfərlik zəvvar qrupu Həcc səfərinə çıxacaq. Onlar dörd qrupa bölünüblər: ilk qrup 43 nəfərdən, digər üç qrup isə hər biri 45 nəfərdən ibarətdir.
İlk zəvvar qrupu hazırda haradadır?
Hazırda Azərbaycandan yola salınmış ilk zəvvar qrupu miqat üçün nəzərdə tutulan Cöhfə məntəqəsindədir. Orada zəvvarlar ehram bağlama mərasimini icra edir, yəni vacib dini sözləri deyərək ziyarətə daxil olurlar.
Həcc ziyarətinin qiyməti nə qədərdir?
Bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.