Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aidiyyatı qurumlarla birgə insan alveri qurbanları üçün regionlarda sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması, onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirəcək. Bu, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.
Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Plana əsasən insan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan mütəxəssislərin sayının artırılması və onlara müvafiq təlimlərin keçilməsi, insan alveri qurbanlarının, həmçinin potensial qurbanların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, məşğulluq probleminin həlli istiqamətində tədbirlər görüləcək.
“Belə şəxslər üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına aidiyyatı qeyri-hökumət təşkilatlarının cəlb olunması işi davam etdiriləcək. Həmçinin insan alverinin qurbanı olan uşaqların təhsillərini davam etdirmək imkanlarına malik olmaları, onların müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi üzrə tədbirlər gücləndiriləcək.
Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstəriləcək. Psixoloji-sosial durumundan asılı olaraq, reabilitasiya keçən və ya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, uşaqlarla işləyən sosial iş institutunun formalaşması, yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və onların sosial reabilitasiyası sahəsində aidiyyəti qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.
Tədbirlər Planında respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq səylərin gücləndirilməsi, insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və digər istiqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.
Gülnarə Zeynalova
www.oxu.az