Azərbaycan Dövlət Himninin aranjiman olunmasının bəstəkar Rauf Əliyevə tapşırılması məsələsi müzakirə obyektinə çevrilib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ajiotaja səbəb Rauf Əliyevin həyat yoldaşının milliyyətcə erməni olması, qızı Röya Mirzəyevanın isə Ermənistandan sığınacaq istəməsi olub.
Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə yaratdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva ANS PRESS-ə açıqlamasında bildirib ki, himnin Rauf Əliyevə tapşırılması normal prosesdir. Onun sözlərinə görə, burada başqa məqsədlər, şübhəli məqamlar axtarmaq peşə etikasına ziddir.
“Birincisi qeyd edim ki, Dövlət Himninin aranjiman olunmasına həm xaricdən, həm də yerli mütəxəssislər cəlb olunub. Bundan əlavə aranjiman işlərinə böyük texniki heyət cəlb olunub. Cəlb olunan mütəxəssislər arasında Rauf Əliyev də var. Bu prosesdə bir neçə bəstəkar iştirak edəcək. Hələ dəqiq deyil ki, Rauf Əliyevin işi qəbul olunacaq, ya yox. Əminliklə deyirəm ki, aranjiman zamanı Üzeyir Hacıbəyovun əsərinə heç bir xələl gəlməyəcək”.
Nazirlik rəsmisi onu da əlavə edib ki, Dövlət Himninin aranjiman olunması işi Rauf Əliyevə tapşırılan vaxt, onun ailəsi barədə məlumatlar yayılmamışdı.
“Rauf Əliyev güclü mütəxəssisdir. Biz də onu bu işə cəlb etmişik. Həmin vaxt onun ailəsi ilə bağlı heç bir söz-söhbət yox idi”, - deyə Zöhrə Əliyeva vurğulayıb.
Qeyd edək ki, Rauf Əliyevin qızı, Azərbaycan vətəndaşı Röya Rauf qızı Mirzəyeva (ilk həyat yoldaşının soyadını daşıyır) yanvarın 29-da həyat yoldaşı, 37 yaşlı Cavid Orucov və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Rauf Əliyev mətbuata açıqlamasında qızından imtina etdiyini bildirib.