Abşeron rayonu Mehdiabad qəsəbəsində iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə nəticəsində vətəndaşa məxsus evin 2-ci mərtəbəsi tamamilə yanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, qəsəbənin Aşıq Ələsgər küçəsindəki iki mərtəbəli evin yuxarı mərtəbəsindən başlayan yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib və tezliklə 5 otağı öz əhatəsinə alıb. Alovla bacarmağın çətin olduğunu görən ev sahibləri dərhal Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat veriblər. Əraziyə gələn Abşeron rayon dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürənləri alovu ram etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bu məqsədlə də, əlavə kömək üçün Binəqədi rayonundan da 2 yanğınsöndürmə briqadası çağırılıb.
Ümumi sahəsi 470 kvadratmetr olan evin yuxarı mərtəbəsi tamamilə yansa da, yanğının 1-ci mərtəbəyə keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Hadisə vaxtı ev sahiblərindən heç kəsin mənzildə olmaması yanğının faciəsiz ötüşməsi ilə nəticələnib. Yanğın tamamilə söndürüldükdən sonra məlum olub ki, zərərçəkənin evində olan 85 min manat pul alovun qurbanı olub.