Rusiyanın paytaxtı Moskvanın Kutuzov prospektində azərbaycanlı sürücünün günahı ucbatından baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, ağır qəza nəticəsində sürücü Vaqif Mirzəyev də daxil olmaqla 5 nəfər həlak olub.
Quraşdırılan müşahidə kameraları 24 yaşlı Vaqif Mirzəyevin “BMW M5” markalı avtomobili ilə yolda “avtoşluq” etdiyi aydın görünür.
O, “BMW M5” markalı avtomobilini saatda 200 km sürətlə idarə edirmiş. Bunu qəza şahidləri deyib.
Şahidlərin sözlərinə görə, bazar gününə keçən gecə saat 3-də baş vermiş qəza sırf V.Mirzəyevin günahı ucbatından baş verib: “O, yolun gah sağ, gah da sol tərəfinə çıxaraq sürətlə hərəkət edirdi. Bəzən qarşıdan gələn avtomobillərin yoluna çıxırdı”.
Qeyd edək ki, Mirzəyev “BMW M5”ni yüksək sürətlə idarə edərək qarşı zolağa çıxıb və qarşıdan gələn “Hyundai Accent”lə toqquşub. V.Mirzəyevin dostları Rusiya mətbuatına bildiriblər ki, o, iti sürət həvəskarı olub. Dostları onu da deyib ki, Vaqifin heç vaxt pul problemi olmayıb: “Vaqif varlı ailədən idi. Atası zəngin biznesmendir. Vaqifin əvvəllər “Mercedes ML350” markalı maşını vardı. “BMW M5” markalı maşını isə iki ay əvvəl almışdı”.
Elvin Əhmədov
www.oxu.az