Daxili İşlər Nazirliyinin Balaklavski şöbəsi (Sevastopol) Sapun-dağda azərbaycanlı döyüşçülərin memorialının təhqir edilməsi faktı üzrə cinayət işi açıb.
Oxu.Az “15minut.org”a istinadən xəbər verir ki, bu barədə Krımın Azərbaycan icmasının rəhbəri Rahim Hümbətov bildirib.
Xatırladaq ki, naməlum şəxslər 2015-ci ilin may ayının 9-da azərbaycanlı döyüşçülərin xatirəsinə ucaldılmış memorialı təhqir ediblər.
“Sapun-dağın zirvəsinə doğru istiqamətlənmiş diviziyanın bayrağının rəmzi olan hissədə təhqiramiz sözlər yazılıb”, - Hümbətov bildirib.
Krımda Azərbaycan icmasının başçısının sözlərinə görə, cinayət işi təxminən üç ay sonra açılıb.
“Həm də Krımda Azərbaycan icmasının müdaxiləsindən sonra”, - o dəqiqləşdirib.
“Sevastopolda azərbaycanlı döyüşçülərin memorialının təhqir edilməsi böyük rezonans doğurdu. İdeyaya görə, müvafiq strukturlar KİV-də çoxsaylı məlumatlara reaksiya verməli idilər. Bildiyim qədər hüquq-mühafizə orqanlarına abidənin üzərindəki yazının çoxdan yazıldığı barədə yanlış məlumat verilmişdi”, - Hümbətov bəyan edib.
Sapun-dağdakı memorial Sevastopolun faşistlərdən azad edilməsində iştirak edən azərbaycanlı döyüşçülərin şərəfinə 1974-cü ildə ucaldılıb. 2009-cu ildə abidənin bir hissəsi vandallar tərəfindən dağıdılmışdı. O zaman Sevastopol milisi cinayətkarları operativ şəkildə tapmışdı, məhkəmə onları üç il müddətinə azadlıqdan məhrum etmişdi. 2013-cü ildə Krımda Azərbaycan icmasının təşəbbüsü ilə Azərbaycanın maliyyə dəstəyi hesabına abidə bərpa edilmişdi.