İran qurumuş Urmiya gölünü Gürcüstan və Ermənistandan alınmış suyun hesabına bərpa etməyi planlayır. İranlı deputat Əli Əlilunun yerli mətbuata verdiyi bəyanata görə, tərəflər arasında razılıq artıq əldə edilib.
Oxu.Az “Qruziya-onlayn”a istinadən xəbər verir ki, razılığa əsasən, Kür çayı və Sevan gölündən olan su üç nasos stansiyası tərəfindən Urmiya gölünə vurulacaq. Hər üç stansiya İran ərazisində olacaq.
Deputatın sözlərinə görə, Xəzər dənizindən su götürmək sərfəli deyil, səbəb onun çirklənməsi və iqtisadi baxımdan baha başa gəlməsidir.
“Urmiya gölündə suyun ilkin 36 milyard kubmetr həcmi bu günə qədər 2 milyard kubmetrə qədər azalıb. Araz və gölə axan xırda çaylar onun suyunu artıra bilmir. Biz suyu hər iki ölkədən alırıq və ya barter mübadiləsi edirik”, - iranlı deputat qeyd edib.
Əlilunun sözlərinə görə, İrana suyun çatdırılması saniyədə 60-80 kubmetr olacaq, layihə iki il sonra bitəcək.
“Əgər gölün qurudulması tendensiyası diqqətsiz qalarsa, belə ki, bu köhnə hakimiyyət vaxtında baş verib, tezliklə beş vilayət ciddi ekoloji təhlükə ilə üzbəüz qalacaqlar”, - iranlı deputat bəyan edib.
1976-cı ildə UNESCO-nun biosfer qoruqları siyahısına saldığı Urmiya gölünün bərpası ümumdünya ətraf mühitin qorunması mütəxəssislərinin qayğısıdır. Peykdən çəkilən şəkillər 1972-ci ildən 2014-cü ilə qədər gölün həcminin 12% azaldığını göstərir.
Kənd təsərrüfatına vurulan ziyandan başqa quruyan göldən duzlu küləklər əhali arasında ciddi xəstəliklər, o cümlədən də respirator xəstəliklər yayır. Eyni zamanda, İran əhalisinin üçdə birini təşkil edən Urmiya gölü ətrafında yaşayan etnik azərbaycanlılar üçün bu göl identiklik rəmzi hesab edilir.