Türkiyə mətbuatı futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikovun “Denizlispor”u “Qəbələ”yə dəyişməsinin qaranlıq tərəflərini açıqlayıb.
Oxu.Az Azerisport.com-a istinadən xəbər verir ki, sən demə bu gözlənilməz transferin arxasında çox maraqlı məqamlar dayanırmış.
Belə ki, qardaş ölkə mətbuatının iddiasına görə, Rail bu yay istirahəti zamanı Bakıda olarkən maşınla adam vurub. Hadisə iki həftə öncə olub. Qəza zamanı bir şəxs ağır yaralanıb. Yaralının yaxınları Məlikovun istintaqa cəlb olunmaması üçün ondan 100 min avro tələb ediblər. Rail də öz növbəsində “Denizlispor” rəhbərliyindən kömək istəyib. Lakin Türkiyə klubu onun bu istəyini yerinə yetirə bilməyəcəyini bildirib. Bu zaman məsələyə müdaxilə edən “Qəbələ” Məlikovun bu borcunu ödəməyə hazır olduğunu bildirib.
Nəticədə qəzada yaralanan şəxsə 100 min avro ödəyən futbolçu “Qəbələ”nin transfer təklifini də qəbul edib. Türkiyə klubunun təzminatı isə sadəcə Railə olan borcların silinməsi sayəsində ödənilib.
Öz növbəsində, R.Məlikov Azerisport.com-a müsahibəsində Türkiyə mətbuatının barəsində yazdığı xəbərlərə belə münasibət bildirib:
“Belə bir məlumatı yayan şəxslər utanmalıdılar. Mən avtomobillə qəza törətməmişəm, heç kimi vurmamışam. Əgər belə bir hadisə baş versəydi, o dəqiqə xəbər çıxardı. Mənə elə gəlir ki, bunu “Denizlispor” rəhbərliyi qəsdən yayıb. Çünki onlar mənim gedişimə görə narazılıq edən azarkeşlər qarşısında necəsə bəraət qazanmalıdılar. Bunu də qəsdən edirlər ki, azarkeşlərin daha ciddi təzyiqi ilə üzləşməsinlər.
Əslində, məsələ belə olub. Təxminən iki həftə öncə mən onlardan alacağım pulu istədim. Səbəb kimi də problemimin olduğunu bildirdim ki, başa düşsünlər. Amma onlar yenə də həmin məbləği vermək istəmədilər. Mən klubdan ayrılandan sonra isə klub rəsmiləri belə boş-boş xəbərlər yayıblar”.