Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi? - ARAŞDIRMA
Qan Turalı yazır...
İŞİD terror təşkilatının Türkiyədə fəaliyyət göstərən çoxsaylı qruplaşmalarından biri də mərkəzi Adıyamanda yerləşən “Dokumacılar qrupu” idi. Qrupu rəhbəri Mustafa Dokumacının soyadına görə belə adlandırırdılar. Onlar Türkiyədə müxtəlif terror aktları həyata keçirmişdilər. Belə ki, Türkiyə tarixində baş vermiş ən böyük kamikadze aktının - Ankara Dəmiryol Vağzalındakı qanlı terrorun icraçıları məhz bu qrupun üzvləri idi. Şanlıurfanın Süruç qəsəbəsindəki terror aktı da onların əməli idi. Bundan əlavə qrup Adıyamanda aktiv ideoloji iş aparır, Suriyaya mücahidlər göndərirdi. “Əl Monitor” nəşri qrupu İŞİD-in “kamikadze anbarı” adlandırırdı.
“Dokumacılar qrupu”un rəhbəri Mustafa Dokumacının həyat yoldaşı Ülkər Məmmədova isə Azərbaycan vətəndaşıdır. Bu ilin oktyabr ayında Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə çalışan Ülkər Məmmədova saxlanılıb.
İstintaqla əməkdaşlığa gedən Ülkər Məmmədova ifadəsində 114 İŞİD üzvü ilə bağlı məlumat verdi və 34-ü qadın olan 60 terrorçunun şəxsiyyəti müəyyənləşdirildi. Əri Mustafa Dokumacının 2020-ci ildə dron hücumunda həlak olduğunu bildirən Ülkər Məmmədovanın istintaqa verdiyi ifadəni “DW Türkçe” əldə edərək yayımladı.
Bu ifadədən sonra Türk polisinin İŞİD əleyhinə əməliyyatları intensivləşməyə başladı.
Ülkər Məmmədovanın şəxsiyyəti Türk polisinə əvvəldən bəlli idi. O, Türkiyə polisi və İnterpol tərəfindən potensial kamikadze kimi qırmızı bülletenlə axtarılırdı. Əri Mustafa Dokumacı da dəmiryol vağzalındakı terror aktının təşkilatçısı kimi axtarışda idi.
İstintaqa verdiyi ifadədə Ülkər Məmmədova atasının istefada olan polkovnik olduğunu bildirsə də, atasının adı mediada yer almamışdı. Ancaq 24 dekabrda Türkiyə Daxili İşlər və Xəzinə-Maliyyə nazirlərinin imzası ilə “Rəsmi qəzet”də çap edilən qərarla əmlakına həbs qoyulan 770 şəxsin siyahısı çap edildi. Həmin siyahıda Ülkər Məmmədovanın da adı var. Bu rəsmi sənədə görə 1987-ci ildə Qubadlıda anadan olan Ülkər Məmmədovanın atasının adı Şahmurad, anasının adı isə Sevdadır. Kiçik bir araşdırma nəticəsində həmin şəxsin Terrorizmlə İctimai Mübarizə Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədov olduğu müəyyənləşdirmək mümkündür.
Ülkər Məmmədovanın Azərbaycanla bağlı ifadələri dolaşıq və əsassızdır. Belə ki, o Azərbaycanda politologiya fakültəsinə daxil olduğunu, ancaq hicab taxdığına görə universitetə buraxılmadığını bildirir. Azərbaycanın ali təhsil sistemində belə qadağanın olmadığı hər kəsə aydındır. Daha sonra “Şəbnəm Qızlar Mədrəsəsi”ndə təhsil aldığını bildirən Ülkər Məmmədova 2010-cu ildə Konyal Səlcuq Universitetinə daxil olduğunu qeyd edir.
Mustafa Dokumacı ilə “Facebook”da tanış olan Ülkər Məmmədova Türkiyəyə gələrək onunla evlənir. Ərinin təlqinləri ilə cihadçı ideologiyanın təsiri altına düşən Ülkər Məmmədova 2014-cü ildə əri ilə birgə qanunsuz yollarla Suriyaya getdiyini, həmin dövrdə Suriyada İŞİD və Nusra arasında qarşıdurmalar yarandığını, Nusranın İŞİD-in himayəsində olan əlli qadını qaçıraraq onları zorladığı barədə şayiələr yayıldığını və bu səbəbdən Türkiyəyə geri qayıtdıqlarını da etiraf edir. Əri Ülkəri Azərbaycana göndərir, özü isə Suriyaya qayıdır. Çünki Türkiyədə onu polis axtarırdı.
Bir ay sonra yenidən Suriyaya qayıdan Ülkər Məmmədova burda dəhşətli müharibə səhnələrinə şahidlik edir: “PKK/PYD təşkilatının üzvləri düşərgəyə suriyalı qadınları gətirərək onları fahişəliyə məcbur edirdi. Ordakı alverçilər və əsgərlər bu qadınlarla münasibətdə olurdu”.
İŞİD-in döyüşlərdə ağır məğlubiyyətlər alaraq tutduğu əraziləri əldən verməsi ilə proseslər dəyişməyə başlayır. Ülkər Məmmədova ərindən Suriyadan çıxıb getmələrini xahiş etsə də, əri ona müqavimət göstərdiyini, “Uşaqları burda qoy, öz kafir ölkənə qayıt” dediyini bildirir. Ərinin vəfatından sonra Ülkər Məmmədova Türkiyədə yaşayan qaynı ilə əlaqə yaradaraq ora qayıdır. Onun saxlanılması ilə bağlı da fərqli variantlar mövcuddur. Belə ki, ifadəsində könüllü şəkildə təslim olduğunu bildirən Ülkər Məmmədova ilə bağlı xəbərlərdə onun qaynının verdiyi məlumat əsasında saxlanıldığı bildirilir.
Hazırda həbsdə olan Ülkər Məmmədovanın uzunmüddətli həbs cəzası alacağı gözlənilir. Ülkər Məmmədovanın Mustafa Dokumacı ilə nikahından iki uşağının olduğu da bildirilir.
Rəylər