Azərbaycanın tanınmış yazıçısı Seyran Səxavət AzadlıqRadiosunun “Pen klub” proqramının qonağı olub.
Oxu.Az Ann.az-a istinadən xəbər verir ki, əsərlərində Qarabağ mövzusuna tez-tez toxunması, lakin son illər bu mövzuda yazılar yazmadığı barədə sualı cavablandıran yazıçı bildirib ki, 3-4 ildir həm özümə, həm ərkim keçən dostlarıma Qarabağ haqqında yazmağı qadağan edib.
“Əvvəla, Qarabağ haqqında çox yazılıb. Mən ərkim keçən 5-6 yaxın dostuma tapşırmışam ki, qurtarın bu haqda yazmağı! Onlar da sizin kimi əvvəlcə təəccüblənib. Bilirsiniz, məncə Qarabağ haqqında ən yaxşı əsəri Ali Baş Komandan yazmalıdır, Müdafiə Naziri yazmalıdır. Yetər boş-boş şeylər yazdıq.
Mən özümü azdan-çoxdan istedadlı, güclü fantaziyası olan yazıçı hesab edirəm. İstəsəm Qarabağ haqqında bir əsər yazaram ki, bir qarabağlı ya da sadəcə, bir azərbaycanlı qıra-qıra gedir, düz Ermənistana qədər. Amma mənə əsər lazım deyil, mənə Qarabağın özü lazımdır ki, əlimlə, gözümlə, üzümlə, ölümümlə ona toxuna bilim.
Mən bir dəfə bunu demişəm, istəyirəm AzadlıqRadiosunun dinləyiciləri üçün yenidən deyim. Nə qədər ki, Qarabağ işğal altındadır, bu ölkədə kim özünü kişi hesab edir etsin, mən özümü kişi hesab etmirəm. Təqribən iki il bundan əvvəl televiziyaların birində bu mənada kişilikdən istefa vermişəm”.