Türkiyəyə müalicə üçün gedən ölkələr arasında Azərbaycan ilk üçlükdə yer alır.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin səhiyyə nazirinin məsləhətçisi Əhməd Cömert bildirib.
Onun sözlərinə görə, Azərbaycandan ildə 10 mindən çox insan müxtəlif xəstəliklərlə bağlı Türkiyəyə müalicəyə gedir. Bunlar əsasən onkoloji, stomatoloji, estetik və digər müalicələrlə bağlıdır. Azərbaycandan olan vətəndaşlar ən çox ürək və xərçəng xəstəliyi ilə bağlı müraciət edirlər.
O deyib ki, Azərbaycan hazırda İraqla eynilik təşkil edir. Birinci, ikinci yerləri Almaniya və Liviya tutur. Almaniyadan, əsasən Türkiyə vətəndaşları ölkələrinə müalicəyə gəlirlər. Liviyadan isə daxili qarşıdurmalara görə xəstə axını davam edir. Ermənistandan ölkəmizə müalicə üçün gələnlər var, amma onların sayı o qədər də çox deyil.