Azərbaycanın ən böyük mobil operatorlarından biri “Azercell Telekom” MMC yerli kütləvi informasiya vasitələrində barəsində yayımlanmış iddialara rəsmi məktubla cavab verib.
Oxu.Az xəbər verir ki, şirkətin bəyanatında deyilir:
“17 dekabr 2013-cü il tarixində www.haqqin.az saytında “Шведы обвиняют Azercell в коррупции“ və 6 yanvar 2014-cü il tarixində “Новый скандал вокруг Azercell: Гамидов сливал сообщения министров”, eyni zamanda 17 dekabr 2013-cü il tarixində www.virtualaz.org saytında “Azercell”də korrupsiya üzə çıxdı, İsveç şirkəti kadrını dəyişdi” və 6 yanvar 2014-cü il tarixində isə “Azercell”in qaranlıq fiqurunun şok maxinasiyaları açıldı” adlı məqalələr yerləşdirilib.
Məqalələrdə Telia Sonera və “Azercell” şirkəti haqqında həqiqətə uyğun olmayan məqamlar yer alıb. Hesab edirik ki, bu qəbildən olan məqaləni saytda yerləşdirməzdən öncə rəhbərlik və müəllif məsələni diqqətlə araşdırmalı, mühüm əhəmiyyət kəsb edən və haqqında bəhs edilən şəxslərin işgüzar nüfuzuna xələl gətirə biləcək yazıları dərc etməkdən çəkinməlidir. Bu, həmçinin jurnalistin peşə etikasına da uyğun olan davranış modelidir. Təəssüf ki, nə müəllif, nə də ki, sayt rəhbərliyi göstərilənlərin heç birini nəzərə almayıb və oxucunu çaşdıran ifadələrdən istifadə edilməsinə şərait yaradıblar.
Təbii ki, “Azercell Telekom” MMC şirkətinin rəhbərliyi yazıda qeyd olunan fikirlərlə razılaşmayaraq, 19 dekabr 2013-cü il və 8 yanvar 2014-cü il tarixində hər iki sayt rəhbərliyinə rəsmi məktub göndərərək, KİV haqqında qanunun 44 və 45-ci maddəsinə uyğun olaraq, şirkətin mövqeyini saytlarda verilməsini xahiş edib. Təkziblərin göndərilmə müddətindən bu qədər vaxt keçməsinə baxmayaraq sayt rəhbərləri KİV haqqında qanunun 44 və 45-ci maddəsini pozaraq, “Azercell”in mövqeyini hələ də işıqlandırmayıblar.
Hər zaman KİV ilə sıx dostluq munasibətləri yaratmağa çalışan “Azercell Telekom” sayt rəhbərlərinin bu hərəkətindən təəssüfləndiyini bildirir və onları bir daha şirkətimizin mövqeyini işıqlandırmağa çağırır”.