“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumat verib.
O bildirib ki, Abşeron rayonunun və Xırdalan şəhərinin elektrik təchizatına olan tələbatı tam ödənilib:
“Sözügedən hadisə səbəbindən elektrik enerjisində yaranan məhdudiyyətlər aradan qaldırılıb. Əhali elektrik enerjisi ilə təmin edilib. Sözügedən yanğın qısaqapanma səbəbindən baş vermişdi. Çox kiçik bir ərazini əhatə edirdi. Dərhal əraziyə qəza xidməti cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilər mühafizə edilib. Əhali alternativ xətt vasitəsilə elektrik enerjisi ilə təmin edilib”.
14:26
“Azərişıq” ASC-nin Xırdalandakı yarımstansiyasında yanğın baş verib.
Oxu.Az xəbər hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları cəlb edilib.
Ehtiyat məqsədilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Bildirilir ki, yanğınla əlaqədar olaraq Abşeron rayonun və Xırdalan şəhərinin bir çox hissəsində sakinlərə elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq edilib.
Yanğının söndürülməsi və elektrik enerjisi təchizatının bərpası istiqamətində tədbirlər davam etdirilir.
Könül Cəfərli