Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Azərxalça” ASC-nin xalçalarının Latviyada ilk sərgisinin açılışı olub - FOTO
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan, milli-mənəvi irsimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC-nin növbəti sərgisinin Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin dəstəyi ilə may ayının 31- də Latviyanın Liepaya şəhərində açılışı baş tutub. Xalçalarla yanaşı, Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş fotosərgi və videoçarxlar da təqdim olunub.
Bu barədə Oxu.Az-a “Azərxalça” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin, “Azərxalça” ASC, Liepaya Muzeyinin birgə təşkilatçılığı və Liepaya Şəhər Şurasının əməkdaşlığı ilə Liepaya şəhər muzeyində açılan sərgi “Azərbaycan xalçaları. Keçmişlə müasirliyin sinergiyası” adlanır.
Azərbaycan xalçaları 2027-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilən Liepaya şəhərində və ümumiyyətlə Şimali Avropada ilk dəfə sərgilənib. Liepaya Muzeyinin kollektivi sərgiyə böyük maraq göstərib və sərginin ərsəyə gəlməsi üçün qısa zamanda lazımi şərait yaradıb.
Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.
Sərgidə Liepaya şəhərinin meri Qunars Ansinş, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, “Azərxalça” ASC idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və muzeyin direktoru Datse Karkla sərginin açılışında çıxış ediblər.
Mer Qunars Ansinş bu hadisənin Liepaya şəhəri üçün əlamətdar hadisə olduğunu qeyd edərək, Azərbaycanın Liepayanın 2027-ci il üçün Avropa Mədəniyyət Paytaxtı namizədliyinə ilk dəstək verən xarici ölkə və tərəfdaş olduğunu xatırladıb və bu kontekstdə Azərbaycan xalçalarının sərgisinin keçirilməsinin ilk tədbir olaraq böyük rəmzi məna daşıdığını vurğulayıb.
Səfir E.Sultanov sərginin yerli ictimaiyyət üçün Azərbaycanın qədim mədəniyyəti və xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkan yaratdığını və ikitərəfli əməkdaşlığa dəyərli töhfə verdiyini bildirib.
Emin Məmmədov çıxışı zamanı “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC-nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub-saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib.
Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC-nin xalçaların istehsalı ilə yanaşı, xalçaçılıq sənətinin qorunub-saxlanılması, inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Muzeyin direktoru Datse Karkla xalça sərgisinin Liepaya şəhərinin mədəni həyatında vacib hadisə olduğunu və Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edərək, nümayiş olunan xalçaların yerli ictimaiyyətdə və şəhərin qonaqlarında böyük maraq doğuracağına əminliyini bildirib.
Sərginin açılışında Liepaya və digər şəhər bələdiyyələrinin, mədəni, akademik dairələrin, mətbuat nümayəndələri, yerli ictimaiyyət və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Xalça sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Muzeydən verilən məlumata görə, sərginin açılışında rekord sayda ziyarətçi iştirak edib.
Liepaya Muzeyində təşkil olunan sərginin qapıları bir ay ərzində xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara, həmçinin, Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat verilir.
"Qarabağ" teqi üzrə xəbərlər
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
- Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
Rəylər