“Qarşıdakı günlərdə “Bakcell” mobil nömrəsi olan “Azərişıq” ASC-nin istehlakçıları da qurumun istifadəyə verdiyi “Elektron bildiriş” xidmətindən istifadə edə biləcəklər”.
Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov adıçəkilən mobil operatorun abunəçilərinin yeni yaradılan xidmətdən istifadə edə bilməməsi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib.
Q.Həmidov bildirib ki, hazırda bu istiqamətdə təmsil etdiyi qurum tərəfindən müvafiq işlər aparılır:
“Elektron bildiriş” sistemindən istifadə etmək üçün mobil nömrəni qeyd etmək lazımdır. Hazırda yalnız “Azercell” və “Nar” abunəçiləri bu xidmətdən yararlana bilir. Tezliklə “Bakcell” abunəçiləri də sistemə qoşula biləcək. İstehlakçılarımızın əksəriyyətinin hər üç və ya minimum iki mobil operatora məxsus nömrəsi olduğu üçün bu onlara elə də böyük problem yaratmır”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" fərmanına əsasən, bu ayın əvvəlindən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçirilir.
İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə ediblər. Habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanıblar. Elektron bildirişlər və enerji sərfiyyatına görə, yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan amili olmadan avtomatik həyata keçirəcək.
İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildirişi alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb-saytında “Bildiriş” bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir.
Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz.
Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək “Yadda saxla” düyməsini seçib, elektron bildiriş profilinizi yaratmış olursunuz. “Elektron bildiriş al” düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu “Azərişıq” ASC-nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.
Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz”.
Könül Cəfərli