Son illərdə şəhər sakinlərinin istirahət etdiyi məkanların rifahı üçün çox işlər görülüb. Baharın gəlişi ilə əlaqədar uşaqlarla gəzmək üçün seçilən ənənəvi məkan Dənizkənarı bulvardır.
Fəxr etdiyimiz Bulvar indi daha da gözəl və Bayraq meydanına qədər artırılaraq daha da miqyaslı olub. Amma sovet dövründə həllini tapmayan bəzi problemlər elə indi də aktualdır.
Bulvarda ilk olaraq diqqət çəkən amil küləksiz havada ətrafa yayılan kanalizasiya sularının qoxusudur. Düzünü desək, sadəcə qoxu yox, tullantıların suyun üzündə üzməsi də nadir hal deyil. Mənzərəni neft ləkələrinin qoxusu da korlayır, bu isə ekologiyanın heç də qənaətbəxş olmadığından xəbər verir.
Bulvarın müntəzəm olaraq təmizlənməsinə və sahil boyu yetərincə zibil qutuları qoyulmasına baxmayaraq istirahət edənlər ətrafa atdıqları: plastik və dəmir butulka və qablar, konfet və başqa qidaların kağızları Bulvarın görünüşünü korlamaqla yanaşı ekoloji vəziyyətin səviyyəsinin də nə qədər aşağı olduğunu göstərir.
Oxucularımıza Dənizkənarı bulvarda bu gün çəkilmiş şəkilləri təqdim edirik:
Aliyə İsmayılzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az