Bakı Dövlət Sirki bərbad durumdadır.
Oxu.Az xəbər verir ki, uzun illərdir ki, baxımsız vəziyyətdə qalan sirkdə hər an bədbəxt hadisə gözləniləndir.
Bir neçə gün əvvəl sirkə tamaşaçı kimi gedən jurnalist Ülviyyə İsmayılova bildirir ki, binadakı oturacaqlar istifadəyə yararlı deyil:
“Zalda havalandırma sistemi yoxdur. Buranın təhlükəsizlik sistemi haqqında danışmağa belə dəyməz. Tualet isə daha bərbaddır”.
Məsələ barədə Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov Baku TV-yə bildirib ki, sirkin yenidən təmir edilməsi, müasir tələblərə cavab verən səviyyəyə gətirilməsi texniki baxımdan çətindir:
“Bu, nəzərdə tutulandan artıq xərclər tələb edir. Bakı Dövlət Sirki 1967-ci ildən istifadəyə verilmiş binadır. Avadanlıqların çoxunu bərpa etmək mümkün deyil. Bina tamamilə sökülməli və yenisi tikilməlidir. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.
Xatırladaq ki, Bakı Dövlət Sirkinin hazırkı binası 1967-ci ildə istifadəyə verilib. Həmin binanın memarları Ənvər İsmayılov və Faina Leontyeva olub.
Bakı Dövlət Sirki bərbad vəziyyətdədir - VİDEO
Rəylər