Azərbaycanda bütün növ reklamlarda, küçə adlarında ədəbi dilin istifadə vəziyyətini öyrənmək üçün aparılan monitorinqlərin ilkin mərhələsi başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, Həbib Zərbəliyev bildirib.
Onun sözlərinə görə, monitorinqlərin nəticəsi təhlil edilərək yekun nəticələr əldə olunacaq:
“Monitorinqlərin ilkin nəticələri maraqlı faktları ortaya çıxarıb. Belə ki, hazırda paytaxt küçələrinin çoxunun adı rus dilindədir, köhnə sovet dövründən qalma adlardır. Bəlkə də küçələrin adı dəyişdirilib, amma onlar yığışdırılmayıb. Məsələn, Bakı şəhərinin mərkəzində, Nəsimi rayon Polis İdarəsinə yaxın ərazidə “Plotnikov” küçəsi hələ də mövcuddur. Belə adlar digər yerlərdə də var və çoxdur.
Hətta bəzi küçələrin köhnədən qalma adları zamanın tələblərinə uyğun gəlmir. Bu məsələlərin hər biri araşdırıldıqdan, müəyyənləşdirildikdən sonra müvafiq orqanlar qarşısında adların dəyişdirilməsi, problemin aradan qaldırılması üçün məsələ qaldırılacaq. Reklamlarda xarici adların kütləvi şəkildə işlənməsi, onlara qoyulmuş tələblər çərçivəsindən kənaraçıxma, onların daha çox xarici dillərdə yazılması, müəyyən qüsurlar və digər məsələlər ardıcıl olaraq monitorinqlər nəticəsində yoxlanacaq və onların əsasında müvafiq orqanlar qarşısında təkliflər veriləcək”.
www.oxu.az