Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner yükaşırma göstəricisi ilk dəfə olaraq 100 000 TEU səviyyəsinə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dəniz Limanına təşkil olunan mediatur zamanı məlumat verilib.
Bildirilib ki, Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət, logistika xəritəsində xüsusi strateji mövqe tutur:
"Konteyner yükaşırmasının artım dinamikası bu nailiyyəti daha da əhəmiyyətli edir. Əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 min 395 TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 min 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90% və ya 1.9 dəfə artım deməkdir. Cari ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteyner əməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün daha yüksək proqnozlara əsas yaradır.
Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.
Qeyd edək ki, son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə möhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastruktur nəticəsində yük əməliyyatları sürətlənib, daha çox həcmdə yük qəbul edilir. 2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur".
Daha çox foto burada: PhotoStock.az
Elmidar Əliyev