Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların mənzil başına çatma müddəti müvəqqəti olaraq artırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, buna səbəb ADY-nin Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlamasıdır:
"Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinin tələb olunan təhlükəsizlik şərtləri çərçivəsində aparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb.
Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.
Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur", - deyə məlumatda qeyd olunub.