Vyananın Tətbiqi Sənət Muzeyindən (MAK) Misir kraliçası Nazlı Səbriyə məxsus olan 673 ədəd brilyant qaşla bəzədilmiş boyunbağı oğurlanıb.
Oxu.Az DPA agentliyinə istinadla xəbər verir ki, bu eksponat Fransaya məxsus "Van Cleef & Arpels" zərgərlik evinin 300-dən artıq dəyərli əşyasının nümayiş olunduğu sərginin bir hissəsi olub.
Agentlik qeyd edir ki, muzeyin fəaliyyət göstərdiyi saatlarda iki naməlum şəxs şüşə vitrini qıraraq sərgi eksponatını ələ keçirib və hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb və şübhəli şəxslərin tapılması istiqamətində axtarış tədbirləri aparılır.
Muzeyin rəsmi saytındakı məlumata əsasən, oğurlanan zərgərlik nümunəsinin üzərindəki 673 brilyantın ümumi çəkisi 200 karatdan çoxdur. Vaxtilə Misir kraliçası Nazlıya məxsus olduğu bildirilən bu unikal əşya 2015-ci ildə Nyu-York şəhərində keçirilən "Sotheby's" hərracında təqribən 4.3 milyon dollara alıcı tapmışdı.