Bakıda ana olan 14 yaşlı qızın və onun dünyaya gətirdiyi körpənin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"11 dekabr 2025-ci il tarixində saat 01:45-də 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentdə dərhal ultrasəs müayinəsi (USM) aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib. Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.
11 dekabr 2025-ci il tarixində pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2 600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.
Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir", - məlumatda qeyd olunub.
Bakıda 14 yaşlı qız ana olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmə bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.