Paytaxtın Üzeyir Hacıbəyli küçəsi 77/89 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında başlayan yanğınla əlaqədar hadisə yerinə 2 təcili tibbi yardım maşını göndərilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov verdiyi məlumata görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.
Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib:
“Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.
Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.
14:55
Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, binada yaşayan sakinlər artıq evakuasiya ediliblər.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.
Yanğın binanın 4-5-6-cı mərtəbələrini əhatə edib.
Hadisə yerində FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının başvermə səbəbi bəlli deyil.
Yanğın baş vermiş ərazidə nəqliyyatın hərəkəti tam bərpa edilib.
14:45
Bakının Səbail rayonu ərazisindəki yaşayış binasında yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fikrət Əmirov küçəsi 2 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
Yanğının binanın 4-cü mərtəbəsindən başladığı bildirilir.
Hazırda yanğından mühafizə xidmətinin əməkdaşları yanğını söndürməyə çalışırlar.