Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov deyib.
O bildirib ki, yanğın yaşayış binasının şaxtasında elektrik kabellərində yaranan qısaqapanma səbəbindən baş verib:
“Çoxfunksiyalı binanın şaxtasından keçən elektrik kabellərində baş verən qısaqapanma nəticəsində 50 metrə yaxın elektrik kabeli yanıb. Eyni zamanda bina sakinlərinə məxsus elektrik sayğacları əriyib. Onların sayları dəqiqləşdirilir.
Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib, aidiyyəti üzrə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Daha 5 nəfər və bizim əməkdaşlar arasında istinin təsirindən halsızlıq yaşayanlar olub. Binadan 40 nəfərdən çox vətəndaş təxliyə edilib”.
Sakinlərin sözlərinə görə, yanğın yaşayış binasının yeddinci mərtəbəsinin şaxtasından başlayıb.
FOTO: Tapdıq Abdullayev
16:12
Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər xəsarət alıb.
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.
Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsinin olmadığı bildirilir.
Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyəti qurumların nümayəndələri ilə binadakı vətəndaşları təxliyə ediblər.