Bakı bir gəncin ölümü ilə günə başlayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, səhər saat 10.00 radələrində 9-cu mikrorayon Həmzə Babaşov küçəsində 19-20 yaşlarında bir gənc dünyasını dəyişib.
Gəncin yol gedərkən yıxılaraq öldüyü bildirilir.
Təcili və Təxirə Salınmaz Tibbi Yardım Xidmətindən aldığımız ilkin məlumatda, gəncin buzlu yolda gedərkən yıxılaraq başından aldığı zədədən dünyasını dəyişdiyi bildirilir.
Hadisə şahidləri adını bilmədikləri gəncin Həmzə Babaşov küçəsində 6 saylı binada yaşayan bibisi Bahar adlı qadının evində qonaq olduğunu deyirlər.
Onların sözlərinə görə, gənc 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş.