Bakının Biləcəri qəsəbəsində qanunsuz olaraq ağaclar kəsilir.
Oxu.Az-a bu barədə məlumatı ərazidə yaşayan sakinlərdən biri məlumat verib.
Məlumata əsasən, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Rəşid İsmayılov küçəsində yerləşən ağaclar kəsilir. Sakinin verdiyi məlumata görə, binanın qarşısındakı hündür ağaclar kötüyə qədər kəsilir.
Mövzu ilə əlaqədar Oxu.Az Binəqədi Rayonu Biləcəri qəsəbəsinin nümayəndəliyi ilə əlaqə saxlayıb.
Binəqədi rayonu Biləcəri qəsəbəsinin icra nümayəndəliyi İbrahimov İbad qeyd edib ki, yaxşı olar ki sakin özü bizə müraciət etsin:
“Biləcəri qəsəbəsində Rəşid İsmayılov küçəsində yerləşən ağacların qanunsuz kəsilməsi ilə bağlı heç bir məlumatımız yoxdur. Ola bilər ki, orda binalarda abadlıq və ya tikinti işləri gedir və bununla bağlı bir neçə ağac kəsilsin. Sözügedən ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı müvafiq araşdırma aparılacaq. Biz sizə müraciət edən vətəndaşın iştirakı ilə də araşdırma apara bilərik”.
Biləcəri qəsəbəsində qanunsuz ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirdilər ki, bu barədə onlarda heç bir məlumat yoxdur, ancaq sabahdan etibarən sözügedən ərazidə nazirliyin əməkdaşları xüsusi araşdırma aparacaqlar.
Elvin Əhmədov
www.oxu.az