Bakı Olimpiya Stadionunun (BOS) yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə zamanı xəsarət alan şəxsin vəziyyəti ağır qiymətləndirilir:
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 16 fevral saat 23:30-da H.Əliyev prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən bir nəfərin (qadın cinsli - təxminən iki yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib.
Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
"Bakının Sabunçu rayonunda, Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında baş verən hadisə zamanı iki nəfər həyatını itirib".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli verib.

"16 fevral saat 23:30-da sözügedən ərazidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Mercedes-Benz" markalı 99-EG-909 dövlət nömrə nişanlı avtomobillə "Renault" markalı 50-DS-081 dövlət nömrə nişanlı və "Changan" markalı 77-SQ-942 dövlət nömrə nişanlı maşınlar toqquşublar.
Hadisə nəticəsində "Changan"ın sürücü Ramin Saleh oğlu Məmmədov və onun azyaşlı qızı aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər", - deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, hadisə gecə saatlarında, paytaxtın Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.
Hadisə şahidləri qəzada bir nəfər azyaşlının öldüyünü və yaralıların olduğunu bildiriblər.
Həmin görüntüləri təqdim edirik: