Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhərində baxımsız qalan iki yaşlı uşaqla bağlı məsələyə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, komitəyə Nərimanovda iki yaşlı uşağın baxımsız qalması barədə müraciət daxil olub:
“Dərhal Nərimanov Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar.
Məlum olub ki, iki yaşlı uşaq həqiqətən də baxımsız vəziyyətdədir. Ana Belarus vətəndaşıdır. İlkin araşdırmalara görə, ata da tüfeyli həyat keçirir.
Uşaq ailədən götürülüb və müvəqqəti olaraq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına yerləşdirilib. Hazırda məsələ nəzarətdədir”.
O qeyd edib ki, məsələ barədə Daxili İşlər Nazirliyinə məlumat verilib.
17:46
Bakı şəhərində iki yaşlı uşaq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, uşağın bədənində yara izləri var.
Qadın və Uşaq Sığınacağından bildirilib ki, iki yaşlı uşağı anası atıb gedib:
“Atası isə narkotik istifadəçisi olduğu üçün körpə nəzarətsiz buraxılıb. Baxımsız qalan körpənin bədənində yara izləri əmələ gəlib”.
İlhamə Əbülfət