Bakı şəhər Suraxanı rayonunda yerləşən 7 saylı internatda azyaşlının döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Oxu.Az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən Lent.az-a bildirilənə görə, məsələ ilə bağlı ərazi üzrə 31-ci Polis Bölməsinin təhqiqatçısı araşdırmalara başlayıb. Təhqiqatın yekununda fakta hüquqi qiymət veriləcək.
7 saylı internatın yerləşdiyi Əmircan qəsəbəsi üzrə sahə müvəkkili, polis mayoru Eyyub Musayev Lent.az-a bildirib ki, bu gün vəhşicəsinə döyüldüyü iddia edilən uşaqla görüşüb:
“Mən həmin internatda oldum və uşaqla görüşüb, onunla söhbət etdim. 7 yaşlı Mahir dedi ki, bir neçə gün əvvəl tualetə qaçarkən yıxılıb və başı, alın nahiyəsi yerə çırpılıb. Onun yıxıldığını görən internatın 10-cu sinif şagirdi dərhal müəllimə müraciət edib. Uşağı müəllimin yanına aparıblar, alnına soyuq dəsmal qoyublar. Sabahısı gün isə onun gözlərinin altının qaraldığını görüblər”.
Sahə müvəkkili onu da bildirdi ki, azyaşlının internatda döyülməsi faktı aşkarlanmayıb:
“Mən orda olanda Təhsil Nazirliyindən də nümayəndələr gəlmişdi və hərtərəfli araşdırmalar aparılır”.
14:40
Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı Mahirin döyülməsi barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlar öz təsdiqini tapıb.
Oxu.Az xəbər verir ki, Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbindən ANS PRESS-ə verilən məlumata görə, Mahir bir neçə gün öncə döyülüb:
“Uşağın vəziyyəti indi yaxşıdır. Bədənində heç bir iz yoxdur. Onun gözlərinin altı göm-göydür. Uşağın kim tərəfindən döyüldüyü hələ ki, bilinmir”.
İnternat evindən uşağı döyənlərin cəzəlandırılacağı məsələsinə də münasibət bildiriblər:
“Uşağı döyənlər yəqin ki, cəzalandırılacaq. Onun müəllimlər tərəfindən döyüldüyünə inanmırıq. Hazırda Mahir uşaqlarla oynayır”.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı Mahirin müəllimləri tərəfindən dəyənəklə döyüldüyü bildirilirdi.
Məsələdən Təhsil Nazirliyi də xəbərdardır. Nazirlik artıq işlə bağlı araşdırmalara başlayıb.
12:56
Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağı “dubinka” ilə döyüblər.
Oxu.Az xəbər verir ki, internat evindəki mənbənin Bizimyol.info-ya verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərəfindən döyülüb. Uşağın başından “dubinka” ilə vurublar.
O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək.
Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib.
