Bakının Xəzər rayonunun Dübəndi qəsəbəsinin sakinləri pedofili özləri mühakimə ediblər.
Yerli sakinlər pedofil qonşularını yarımcan olanadək döyüblər. Hadisə yerinə gəlmiş polislər kişini qəzəbli sakinlərin əlindən güclə alıblar.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Xəzər rayon Polis İdarəsindən bildiriblər.
Artıq xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə qəsəbə sakinləri Yusif Hacıyev, Elşən Əhmədov və İvan Tkaçov Naxçıvandan olan 1980-cı il təvəllüdlü Elnur Abuzərovun evinə gələrək, onu döyüblər. Hadisə yerinə vaxtında çatmış Xəzər rayon 1-ci polis bölməsinin əməliyyatçıları olmasaydı, o, yerində öldürüləcəkdi.
Abuzərov isə əsassız yerə döyülməyib. İlkin araşdırma zamanı onun adları çəkilən kişilərdən birinin 11 yaşlı oğlunu zorlamağa cəhd göstərməsi məlum olub.
Abuzərov oğlanı ona küçük göstərəcəyi bəhanəsi ilə evə gətirib. Lakin pedofil uşağa qarşı seksual xarakterli hərəkətlər etməyə macal tapmamış, o, Abuzərovun əlindən çıxaraq qaçıb. Oğlan evə gələrək hər şeyi atasına danışıb. Qonşuları və dostlarından dəstək alan ata Abuzərovu şəxsən cəzalandırmaq qərarına gələrək, onun evinə gedib.
Polislər döyülmüş Abuzərovu qardaşının Mərdəkan qəsəbəsindəki evinə aparıblar. O, bundan əvvəl məhkəmə-tibb ekspertizasından keçib. Axşam isə Abuzərov dünyasını dəyişib.
Xəzər rayon Məhkəmə-tibb ekspertizası şöbəsindən verilən məlumata görə, ölüm döyülmə deyil, zəhərlənmə nəticəsində baş verib. Yəni, Abuzərov axşam qardaşının evində sirkə turşusu içib və ölüb.
1-ci polis bölməsinin əməliyyatçıları güman edirlər ki, Abuzərov hərəkətindən utanıb və intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Mövzu ilə əlaqədar: http://www.oxu.az/society/3341