Bakıda binanın damında hovuz tikən şəxslə bağlı maraqlı fakt ortaya çıxıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, həmin hovuzu binanın ən sonuncu mərtəbəsində yaşayan Valeh Abbasəliyev tikibmiş.
Hovuzun tikilməsindən ev sahibinin qonşusunun da məlumatı olub. Həmin vaxt onların arası yaxşı imiş. Hətta qonşular hovuzun ətrafında bir yerdə istirahət də ediblərmiş.
Sonradan qonşuların arası dəyib. Digər qonşu V.Abassəliyevin binanın damında hovuz tikməsi barədə aidiyyəti qurumlara məlumat verib.
Aidiyyəti qurumlar da gəlib hovuzu söküblər.
Azadlıq prospekti, 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Nəsimi Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Qeyd edilib ki, məsələ ilə bağlı icra hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.
"Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb", - məlumatda vurğulanıb.