Bakıda BNA-ya məxsus tumbaların oğurlanması ilə bağlı xəbəri Daxili İşlər Nazirliyi təkzib edib.
Yasamal rayonu, K.Rəhimov küçəsi, 30 ünvanında BNA-ya məxsus tumbaların oğurlanması barədə yayılan məlumatla əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a bildirilib ki, həmin ərazidə oğurluq hadisəsinin baş verməsi barədə yayılan məlumatlar özündə həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı polis əməkdaşları ərazidə araşdırma aparıblar. Müəyyən olunub ki, qeyd edilən yerdə 23.01.2024-cü il tarixdə saat 19 radələrində “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini piyadalar üçün nəzərdə tutulan səkinin kənarında quraşdırılan qoruyucu tumbalara vurub:
“Həmin tumbalar yararsız vəziyyətə düşdüyündən BNA-nın əməkdaşları tərəfindən sökülərək ərazidən götürülüb.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir”.
Rəylər