Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən “iPhone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə oğurlanması ilə bağlı polisə müracət daxil olub.
Bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən - 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq, Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib.
İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin (CM) oğurluq maddəsi ilə məhkum olunub.
Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb.
Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.