Bakıda mağazadan alınan çörəyin içərisindən həşərat çıxıb.
Oxu.Az xəbər verir ki, ANS TV-nin əməkdaşları çörəyin alındığı mağazanın yerləşdiyi Bakıxanov qəsəbəsinə gedərək araşdırma aparıblar.
Bu qorxunc mənzərə ilə rastlaşan qəsəbə sakini Xanım Həsənovanın sözlərinə görə, tarakanı görəndən sonra ağzına çörək vura bilmir.
Qadını çörəkdən iyrəndirənlər çörək sexinin işçiləridir. Nahar etmək üçün aldığı çörəyin içindən çıxan həşərat X.Həsənovanın iştahasını qaçırmaqla yanaşı, əsəblərini də korlayıb.
Xanım daha sonra əlindəki tarakanlı çörəklə birgə onun alındığı dükana gəlib. Burada həmin çörəyin həqiqətən də bu mağazadan alındığını təsdiqləsələr də, çörəyin hansı sexdən dükana gəldiyini deməkdən imtina ediblər. Əvəzində ona çörəyi sexdən mağazaya daşıyan sürücünün nömrəsini veriblər:
“Siz şükür edin ki, çörəyin içindən tarakan çıxıb”.
Zəng etdiyi nömrədən kobud cavab alan xanım, bu dəfə bizimlə mağazaya yaxınlaşaraq həmin çörəyin harada bişirildiyini öyrənməyə çalışıb. Amma mağazada bizi görüb heç də xoşhal olmadılar.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, şikayətçi xanım müraciət etsin ki, tarakanlı çörəyin bişirildiyi sexi tapa bilək.
Elə bir müddət bundan əvvəl Nazirlər Kabineti tərəfindən çörəyin satışına dair yeni tələblər müəyyənləşdi. Bu Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nda öz əksini tapıb.