Prezident İlham Əliyev Buzovna-Mərdəkan-Qala yolunun açılışında iştirak edib.
Yolun infrastrukturu ilə tanış olan ölkə başçısı burada quraşdırılan dayanacaqlarla və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə aid yeni tipli led işıqforlarla da maraqlanıb.
Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, ölkə başçısına bu işıqforların texniki imkanları, aşağı enerji sərfiyyatı və sürücülərin diqqətini daha yaxşı cəlb etməsi barədə ətraflı məlumatlar verilib.
Prezident İlham Əliyev belə vacib, müasir, geniş yollara məhz bu tipli led işıqforların quraşdırılmasını uğurlu addım kimi qiymətləndirib. Bakı şəhərinin digər küçə və prospektlərində də bu işıqforlardan qoyulmasının vacibliyini qeyd edib.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən müəyyən müddət davam edən tədqiqatlar əsasında nəqliyyat sahəsində mövcud olan son texnologiyalarını özündə əks etdirən yeni işıqforlar qeyd olunan ərazidə 4 kəsişməni əhatə edir. LED sistemi ilə (Light Emitting Diode – İşıq saçan diod) təchiz edilən bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, bu işıqforların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticədə sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər.
Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb. Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla da hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur.
Bundan əlavə, iri tutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmayacaq. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat kecmələri üçün şərait yaradılıb. İşıqforun işıqlarının gücü günün saat və fəsilindən asılı olaraq dəyişir. Belə ki, qış vaxtlarında avtomatik olaraq işıq daha parlaq olur, yay vaxtlarında isə əksinə avtomatik olaraq azalır.
Bundan əlavə, işıqfor dirəklərinin üzərində avtomobillərin sürətini, sayını və yoldakı intensivliyi hesablayan avadanlıqlar da quraşdırılacaq ki, bu da intellektual idarəetməni təmin etməkdə böyük köməklik göstərəcək.
İşıqforun fərqliliyi həm də onunla bağlıdır ki, LED sistemindən istifadə elektrik enerjisinə 80 faizə qədər qənaət etməyə imkan yaradacaq.
Qeyd edək ki, bundan əvvəl Nəqliyyat Nazirliyinin yollarda təhlükəsizliyin artırılması istiqamətində apardığı işlər çərçivəsinda artıq paytaxtın mərkəzi küçələrindən birində (Üzeyir Hacıbəyov və A.Puşkin küçələrinin kəsişməsində) quraşdırılmış yeni işıqforlar yerləşdirilmişdi.
www.anspress.com
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin