"Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Sentyabrın 25-də Qaradağ rayonu ərazisindən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (kişi cinsli) şəxs Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Döş qəfəsinin, başın və bədənin müxtəlif nahiyələrinin travması diaqnozları ilə daxil olan yaralıların hər birinə ilkin zəruri tibbi yardım göstərilib. Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti ağır stabil qiymətləndirilir, - deyə məlumatda vurğulanır.
"Bakı şəhərinin Qaradağ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 08:55-də qeydə alınıb".
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində Qaradağ rayon sakini Namiq Nizami oğlu Bayramovun idarə etdiyi KIA markalı, 77-XB-760 dövlət qeydiyyat nişanlı avtomobil üzü paytaxt istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Sürücünün idarəetməsindən çıxan avtomobil yol kənarına aşıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü və dörd nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və sürət həddini aşmağa meyilli olan sürücüləri sonradan bərpası mümkün olmayan yanlış addımlar atmaqdan çəkinməyə çağırır",- deyə M.Ağayev qeyd edib.
Əzizə İsmayılova
Bu gün Bakı şəhərinin Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumatı Baku.ws yayıb.
Bildirilib ki, hadisə Lökbatan dairəsinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Qəza zamanı avtomobil yoldan çıxaraq yuvarlanıb və yolun kənarına düşüb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu AÇIQLANDI
Rəylər