“Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşının yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı yayılan görüntülər araşdırılır”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, operativ nəqliyyat vasitələrinin sürücüləri - yol polisi, təcili tibbi yardım avtomobilinin sürücüləri, yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə, bəzi hallarda yol hərəkəti qaydalarını poza bilərlər:
“Təhlükəsizlik qaydalarına riayət etməklə pozulan qaydalar mütləq nəzərə alınır. Əgər qaydalara riayət olunmazsa, o zaman qaydaları pozan YPX əməkdaşları da cəzalandırılırlar. Yayılan görüntülərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Məsələyə hüquqi qiymət veriləcək”.
13:16
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Bu barədə Memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev sosial şəbəkələrdə paylaşım edib.
“Nərimanov rayonu, Teymur Əliyev küçəsində işıqforun qırmızı işığında dayanan zaman DYP avtomobili (99-YP-414) əks istiqamətdə hərəkət edərək, ikili ağ ayırıcı zolaqların (1.3 xəttinin - red.) üstünə çıxıb, yanımda dayandı.
Sonra yenə də qaydaları kobud şəkildə pozaraq, işıqforun qırmızı işığına əhəmiyyət verməyərək, Azadlıq prospektinə doğru sola dönüb, hərəkətini davam etdi. Heç bir qəza işıqlarını və ya qırmızı-göy yanıb-sönən işıqları (sayrışan işıqları - red.) yandırmayaraq...
Məncə, DYP-nin yüksək rütbəli məmuru qaydaları qəsdən dörd dəfə pozdu. Əminəm ki, polis əməkdaşları həm yol hərəkəti qaydalarına, həm də örnək olmalı olduqları sadə vətəndaşlara belə etinasızlıq nümayiş etdirməməlidirlər.
Ümid edirəm ki, belə yüksək rütbəli DYP zabiti Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mütləq cəzalandırılacaq və bu faktla bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə o qeyd edib.
İlhamə Əbülfət