Bakının Sabunçu rayonunda ailə dramı yaşanıb. Ögey qızın sözəbaxan olmaması qətllə nəticələnib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon 15-ci polis bölməsindən bildiriblər.
Cinayət dünən axşam, təxminən gecə saat 2-radələrində Zabrat-2 qəsəbəsində törədilib. Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Yavər Qədirov öz qardaşı qızı – qızlığa götürdüyü 1992-ci il təvəəlüdlü Kübra Hüseynağa qızı Qədirovanı dəmir linglə (“montirovka”) ilə başından vuraraq öldürüb. Bundan sonra kişi polisə zəng edib və hadisə barədə xəbər verib.
Son vaxtlaradək sürücü işləyən Qədirov ilkin dindirmə zamanı bildirib ki, Kübradan başqa iki kiçik oğlu var. Onun sözlərinə görə, o, Kübraya doğma qızı kimi baxıb və heç nədən korluq çəkməyə qoymayıb.
Qədirov Kübranı anasının vəfatından sonra qızlığa götürüb. Qızın anası dərddən özünü öldürübmüş. Belə ki, Qədirovun qardaşı – Kübranın atası Hüseynağa Qədirov xəstəlikdən ölübmüş və bu onun həyat yoldaşını intihara vadar edib. Yetim qalmış Kübra özbaşına qız kimi böyüyüb.
Ögey atanın qeyd etdiyinə görə, Kübra heç kimə qulaq asmır, hərəkətləri ilə bağlı ona irad tutanda isə, qohumlarından şəxsi həyatına qarışmamağı xahiş edirmiş.
“Qız günəbaxan tumu istehsalı üzrə fabrikdə işləyirdi. Kübra işdən evə gələndən sonra əynini dəyişir və naməlum istiqamətdə gedirdi. Evə çox gec qayıdırmış. Qətl günü qız evə saat 12-də qayıdıb. O, qapıdan içəri girən kimi öldürülüb. Əlində “montirovka” olan əmi qızın evə gəlməyini gözələyirmiş” – deyə, 15-ci bölmədən bildiriblər.
Qədirov iddia edir ki, Kübra çox qısa yubkalar geyinirmiş və bu, onu utandırırmış, çünki qız onun evindən çıxır, onun soyadını daşıyırmış. Qıza təsir etmək üçün deyilən sözlər bir nəticə verməyib. Kişi deyir ki, şəhərdə olarkən dəfələrlə Kübranın maşına əyləşməsi və naməlum insanlarla harasa getməyini görürmüş və bu onu çox əsəbiləşdirirmiş. Lakin o, işdə olduğu üçün belə hallarda heç nə edə bilməyib.
Necə olsa da, hazırda faktla bağlı cinayət işi qaldırılıb və araşdırma gedir.