Dünən Bakının Suraxanı rayonunda yerləşmiş qəbiristanlıqda qətl törədilib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, təxminən saat 20:30 radələrində 1980-cı il təvəllüdlü Mehdiyev Rövşən Sabir oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Mehdiyeva Cəmilə Fərrux qızını Babək prospektində yerləşən qəbiristanlığa gətirərək, burada nömrəsi silinmiş ov tüfəngi ilə onu qətlə yetirib.
İlkin araşdırma zamanı məlum olub ki, Rövşən Mehdiyev üç uşaq anası olan həyat yoldaşının ona xəyanət etdiyini öyrənib. O, Cəmiləni öz atasının qəbrinin üstünə gətirərək, burada ondan öz hərəkətini izah etməyi tələb edib. Mehdiyev həyat yoldaşının mobil telefonla başqa kişi ilə danışdığını ona göstərib.
Mehdiyevin şübhələri təsdiqni tapdıqda, o, həyat yoldaşını güllələyib. Qadın yerindəcə dünyasını dəyişib. Bundan sonra ər “102” xidmətinə zəng edərək, qətl barədə xəbər verib.