Aprelin 19-u Yasamal rayonunda aptekdə tibbi adı ilə satılan metil spirtini qəbul edən ər-arvad ölüb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, 1964-cü il təvəllüdlü Yelena İvleva saat 16:10-da ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, qadın xəstəxanaya çatdırıldıqdan yarım saat sonra ölüb.
Onun 1945-ci il təvəllüdlü əri Konstantin İvlev ilə spirtli içki qəbul etdiyi məlum olub. 75 yaşlı kişi həyat yoldaşının xəstəxanaya yerləşdirilməsindən əvvəl ölüb.
1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin rəhbəri Azər Maqsudovun sözlərinə görə, martın 20-dən bu günə qədər 15 nəfər metil spirtindən zəhərlənmə diaqnozu ilə klinikaya daxil olub, onlardan 10 nəfəri ölüb. Bundan əlavə, eyni səbəbdən Sumqayıtda iki qardaş - İqor və Nikolay Smirnovlar həyatlarını itiriblər.
Qeyd edək ki, bundan əvvəl, müvafiq qurumların paytaxtdakı apteklərdə reydlər keçirdikləri və satışdan saxta spirtli içkiləri yığışdırdıqları bildirilmişdi. Ancaq son ölümlər metil spirtinin şəhərin bütün apteklərindən yoxa çıxmadığını göstərir.
Ramella İbrahimxəlilova
Rəylər