Xəzər rayonundakı 216 nömrəli məktəbdə məktəblinin gözü qarşısında müəllimlərin əlbəyaxa olduğu görüntülər yayılıb.
İddialara görə, onların arasındakı mübahisə fiziki qarşıdurmaya çevrilib. Hadisə müəllimlərdən biri tərəfindən mobil telefonla qeydə alınıb.
Baku TV məsələni aydınlaşdırmaq üçün sözügedən məktəbdə olub.
Şagird və valideynlərin sözlərinə görə, insident musiqi müəllimi Əfsanə müəllimənin öz övladı ilə birlikdə dərsə gəlməsi səbəbindən baş verib. İngilis dili müəllimi Sədaqət müəllimə buna etiraz edib və hadisəni videoya çəkib.
"Bunlara görə dərs keçə bilmirik. İngilis dili müəlliməsi Sədaqət müəllimə hər şeydən narazı biridir. Bizim heç vaxt Əfsanə müəllimədən və onun uşağından narazılığımız olmayıb", - deyə şagirdlərdən biri bildirib.
Məktəbin müəllimi Lalə Aydınovanın sözlərinə görə, Sədaqət müəllimə Əfsanə müəlliməyə hücum çəkib, autizmli uşağına qarşı dəfələrlə təhqiramiz ifadələr işlədib: "Sədaqət müəllimə hər dəfə "xəstə uşağı ilə məşğul olsun, xəstə uşağının dərdini çəksin" kimi ifadələr deyib. Bu, ilk hal deyil, dəfələrlə təkrarlanıb. O, məktəbdə baş verən prosesləri icazə almadan çəkir və şəxsi münasibətləri yaxşı olmadığı insanlara qarşı istifadə edir".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qeyd olunan müəllimin şagirdlərin qarşısında da davam etdirilən uyğunsuz davranışları tədris prosesinin pozulmasına, müəllim nüfuzuna, məktəb mühitinə və uşaq hüquqlarına zidd hesab olunur: "Pedaqoji kollektivin üzvləri aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcək".
Daha ətraflı süjetdə:
216 nömrəli tam orta ümumtəhsil məktəbin ingilis dili müəlliminə şiddətli töhmət verilib.
Sözügedən məktəblə bağlı yayılan görüntülərlə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq təhsil müəssisəsindən bildirilib ki, ingilis dili müəlliminin (müvafiq səbəbdən adı qeyd olunmur) davranışları ilə bağlı bir qrup valideyn və müəllimlər tərəfindən dəfələrlə rəhbərliyə şikayət olunub.
Məlumatda qeyd olunub ki, nəticədə ingilis dili müəlliminə "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna, vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
"Noyabrın 4-də məktəbin direktor əvəzi, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı, məktəb Həmkarlar Komitəsinin sədri ingilis dili müəllimi ilə söhbət aparıb. Söhbət zamanı müəllim məktəbin kollektiv üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib, müəllimlərin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirib, "Təhsilverənlərin etik davranış Qaydaları"na uyğun olmayan hərəkətlər sərgiləyib. Otaqda nalayiq hərəkətlər etməsinə baxmayaraq, məktəb rəhbərliyi onun ifrat emosional vəziyyətini və halının pisləşdiyini nəzərə alaraq təcili tibbi yardım çağırıb".
Məlumatda vurğulanıb ki, həmin gün müəllimlər otağında məktəb rəhbərliyi tərəfindən bir neçə müəllimin iştirakı ilə söhbət aparılıb:
"Bu zaman ingilis dili müəllimi yenidən yüksək səslə müəllim adına uyğun olmayan fikirlər səsləndirib, emosional davranışlar nümayiş etdirib.
Qeyd olunan müəllimin şagirdlərin qarşısında da davam etdirilən uyğunsuz davranışları tədris prosesinin pozulmasına, müəllim nüfuzuna, məktəb mühitinə və uşaq hüquqlarına zidd hesab olunur.
İngilis dili müəlliminin davamlı xarakter almış bu kimi davranışları ilə bağlı pedaqoji kollektivin üzvləri aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəklər".
Məhərrəm Əliyev