Aprel ayının 16-da Təhsil Nazirliyi tərəfindən internat məktəblərə verilmiş avtobusların, o cümlədən orta məktəblərin əmək otaqları üçün alınmış müasir avadanlığın təqdimatı olub.
Oxu.Az 1news.az-a istinadən bildirir ki, tədbirdə Təhsil Nazirliyinin QHT və KİV ilə iş sektorunun rəhbəri Cəsarət Valehov, mətbuat nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
11 nömrəli internat məktəbdə ilk növbədə Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən məktəblər üçün alınmış 7 ədəd “Hyundai County” markalı nəqliyyat vasitəsi təqdim edildi.
İnternat məktəbin direktoru Gülnarə Abdullayeva qeyd edib ki, müəssisədə 800 şagird təhsil alır:
“Onlardan 126-sının xüsusi diqqətə ehtiyacı var. Digər 72 uşaq gün boyu mərkəzlərdə qalırlar. Bu, 3-6 yaş arası, aztəminatlı ailələrin uşaqlarıdır. Ümumilikdə 600 uşaq aztəminatlı ailələrdən, valideynlərindən birini və ya hər ikisini itirmiş, nənə yaxud da baba himayəsində yaşayan uşaqlardır”, - direktor deyib.
Öz növbəsində C.Valehov qeyd edib ki, Təhsil Nazirliyi son 25 il ərzində peşə məktəblərində istifadə edilən, Avropa istehsalı olan 11 tədris maşını alıb:
“Bu yaxınlarda peşə məktəblərinə 37 ədəd kənd təsərrüfatı texnikası veriləcək”, - C.Valehov deyib.
Daha sonra 26 nömrəli məktəbin əmək otaqları üçün alınmış avadanlığın təqdimatı olub.
Qeyd edildi ki, 52 ümumtəhsil məktəbinin 104 əmək otağı müasir standartlara cavab verən avadanlıqla təmin edilib.