Ana axtardığı qızına 23 gündən sonra qovuşdu. 22 yaşlı Aytacın itməsilə bağlı ANS-in “İç xəbər” verilişində sujet efirə getmişdi. Bu efirdən sonra hüquq mühafizə orqanları ananın ah-naləsini duyub qızın axtarışına başlayıb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının axtarışı nəticəsiz qalmayıb.
Bir neçə gündən sonra Aytac tapılaraq bölməyə gətirilib və anası ilə əlaqə yaradılıb.
Sonda Aytac öz anası ilə barışıb evə getməli olub. Qız bölmədə yazdığı izahatında bildirib ki, o bir daha evdən özbaşına heç bir yerə çıxmayacaq.
Qeyd edək ki, Aytac evdən özü getməsilə bağlı məktub yazmışdı.
Qızına qovuşan Qızbəs xanım bu ab-havadan uzaqlaşmaq üçün paytaxtdan kənara üz tutub.
Xatırladaq ki, bir müddət əvvəl Qızbəs xanım evdə olmadığı müddətdə böyük qızı Nərgiz Muradova qaçırılıb. Daha sonra məlum olmuşdu ki, o, Yunus adlı sevdiyi oğlanla qaçıb.
Bundan bir neçə gün sonra isə evin balaca qızı Aytac evdən naməlum şəraitdə çıxıb. Daha sonra o Binəqədi rayonunda yerləşən parkların birində tapılmışdı. Anasının dediyinə görə 22 yaşlı qızda anormal hərəkətlər müşahidə olunurmuş. Bir neçə gün evdə qalan Aytac əlinə fürsət düşən kimi isə yenidən evdən qaçıb.
Qızbəs xanım isə böyük qızını qaçıran şəxsin anasından və qonşuluqda yaşayan qeyri-millətə məxsus qızlardan şübhələnmişdi. Hətta çəkiliş vaxtı onların evinə də baxış keçirmişdi. Nəticə mübahisəyə səbəb olmuşdu.