Ötən gün Bakının Nizami rayonunda yerləşən, hamının “Vasmoy bazarı” kimi tanıdığı ticarət mərkəzinin ləğv olunması barədə məlumat yayılıb.
Belə ki, məlumatda “8-ci km Ticarət Mərkəzi” MMC-nin ləğv olunduğu bildirildi.
Oxu.Az-ın əməkdaşları Bakının ən böyük bazarlarından birini idarə edən MMC-nin ləğv olunması və orada çalışanların aqibətinin necə olacağı barədə məlumat almaq üçün əraziyə yollanıblar.
Yadımdadır, uşaq vaxtı nənəm və babamla “Vasmoy bazarı”na tez-tez gedərdik. Çünki bazar uzaqdan səliqəsiz görünsə də, məhsullar ucuz idi...
Ötən gün Bakının Nizami rayonunda yerləşən, hamının “Vasmoy bazarı” kimi tanıdığı ticarət mərkəzinin ləğv olunması barədə məlumat yayılıb. Belə ki, məlumatda “8...
Bəlkə də, bu bazara on beş ildir ki, baş çəkmirdim. Elə indi də şahidi oldum ki, uşaqlıqdan gördüklərimdən heç nə dəyişməyib. Eyni səliqəsizlik...
Satıcılar bazarın bağlanması ilə bağlı yayılan məlumatlardan bixəbər piştaxtalarına əşyaları yığır, düzdüklərini sahmana salırlar.
Bazarın girişində bizi mühafizə işçisi qarşılayır və bazarın bağlanıb-bağlanmayacağı barədə suallarımıza cavab almaq üçün rəhbərliyin əyləşdiyi otağa üz tutmağımızı bildirir.
Mərkəz direktorunun təsərrüfat işləri üzrə köməkçisi Hüsaməddin Babayev bizə and-aman edir ki, “8-ci km Ticarət Mərkəzi” bağlanmır:
“Bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Sadəcə, mərkəzin adı dəyişir. Bundan sonra bazar “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək. Hazırda yeni ad barədə müzakirələr gedir və yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Bilirsiniz, burada o qədər bazar var ki, amma nə hadisə oldu, deyirlər ki, “Vasmoy bazarı”nda oldu.
Məsələn, bir arabaçı vəfat edir, deyirlər ki, “Vasmoy bazarı”nda olub. Araşdırma üçün ilk bizim mərkəzə gəlirlər. Halbuki, heç bir aidiyyəti yoxdur. Biz də köhnə adın dəyişdirilməsini istəyirik. İnsanlar bilsinlər ki, yeni ad budur və onu desinlər”.
O qeyd edir ki, bazarda yenilənmə işləri də aparılacaq:
“Bazarda struktur, ticarət fəaliyyəti dəyişmir. Sadəcə, mərkəz daha müasir formada olacaq, abadlıq işləri aparılacaq. Çalışırıq ki, buradakı insanlar üçün elə şərait quraq ki, onlar qaçmasınlar. Küçədə olan ticarətin də “8-ci km Ticarət Mərkəzi”nə aidiyyəti yoxdur. Pilləkəndən içəri keçdiniz və mərkəzə girdiniz ha…- artıq ora bizə aiddir. Bura bağlansaydı, biz satıcılara əvvəldən deyərdik ki, əlinizdə nə varsa, satın”, - deyə o əlavə edir.
Bazarda bizə dəfələrlə bildirilir ki, ancaq ticarət mərkəzinin içini çəkmək olar. Buna səbəb kimi isə kənarlardakı piştaxtaların mərkəzə heç bir aidiyyətinin olmaması göstərilir.
Həmsöhbətim deyir ki, bazarda nə qədər satıcının olması barədə dəqiq məlumat verə bilməzlər:
“Çünki burada olan satıcılar tez-tez dəyişirlər. Məsələn, bu gün 50 nəfər bazarda mal satırsa, sabah 100 nəfər ola bilər. Artıq ətrafda toyuq satılan bir yerdə də paltar satılır. Yəni başqa ticarətlə məşğul olanlar da paltar satışına keçirlər. Bizim idarəmizin isə 50-yə yaxın işçisi var”.
H.Babayev vurğulayır ki, bazarda satış vəziyyəti mövsümlə əlaqəlidir:
“Yayda ticarət zəifləyir. Hamı dağda, bağda olur”.
Ticarət mərkəzində də satıcılarla da danışmağa cəhd edirik.
Səlim Səlimov deyir ki, əvvəlki kimi alıcı yoxdur:
“Mallar baha gəlir. Elə olur ki, yerpulu çıxmır, cibimizdən qoyuruq. Belə deyək də, ancaq boğazımızı saxlayırıq, artım yoxdur. Bu gün qazancımız tələbatı ödəmir. Müdiriyyət tərəfindən bazarın bağlanıb-bağlanmaması ilə bağlı heç bir məlumat verilməyib. Düzü, inanmıram ki, belə böyük bazar bağlana”.
Alıcılar deyirlər ki, bazarda mallar “su qiymətinə” satılmasa da, digər yerlərlə müqayisədə ucuzdur və kasıb təbəqə buraya üz tutur.
Satıcılar da bazarın bağlanıb-bağlanmaması barədə məlumatsızdırlar.
Bazarda əvvəlki kimi alıcı olmasa da, az da deyil...
Bəzi satıcılar deyirlər ki, beş-altı min borc edib, satmağa mal gətiriblər. Əgər mərkəz bağlancaqsa, əvvəlcədən onlara bu barədə deyilməlidir ki, başlarına çarə qılsınlar.
...Bazarda hər hey öz axarı ilə davam edir. Satıcı malını satmağa, alıcı isə daha ucuz qiymətə almağa çalışır.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər