Bakı şəhəri, Cavadxan küçəsi, 14 ünvanının həyətində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kodlaşdırılaraq mühafizə altına alınmış ağacların bir qisminin kəsildiyi müşahidə olunub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, dövlət tərəfindən kodlaşdırılan ağaclar xüsusi nəzarətdə saxlanılır və onların kəsilməsi yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq icazələr əsasında həyata keçirilə bilər:
"Bu səbəbdən baş vermiş hadisə ciddi narahatlıq doğurur. Həmçinin bir sıra suallar yaradır. Kodlaşdırılmış və mühafizə altında olan ağacların kəsilməsinə kim tərəfindən icazə verilib? Kəsmə işləri qanunvericiliyin tələblərinə uyğun həyata keçirilibmi?
Bu hadisəyə görə məsuliyyət daşıyan şəxs kimdir?
Şəhərin yaşıllıq fondunun qorunması hər birimizin ümumi məsuliyyətidir və mühafizə altına alınmış ağacların taleyinə biganə qalmaq olmaz".

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Nəsimi rayonu, Cavadxan küçəsi, 14 ünvanında quru ağacın götürülməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib:

"Nəsimi Bələdiyyəsinin müraciəti əsasında Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən quru ağacın götürülməsinə dair müvafiq rəy verilib. Rəyə uyğun olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən quru ağac götürülüb və həmin ərazidə yeni ağac əkilib".
Mətbuat katibi bildirib ki, yeni əkilmiş ağac yaşıllıqların uçot sistemi üzrə identifikasiya etiketi ilə nişanlanıb və bu barədə məlumatlar agac.az informasiya sistemində yenilənib.

