Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda məktəbin sinif otaqlarına Aprel şəhidlərinin adı verildi
Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Aprel döyüşlərinin qaziləri və iştirakçıları, şahid ailələrinin üzvləri, bu təhsil ocağının müəllim və şagirdləri iştirak ediblər.
Aprel döyüşçülərinin qazi və iştirakçılarının - Tahir Misirxanov, Üzeyir Nəcəfov, Cavad Cavadov, Ağakişi Əlizadə, Mübariz Məmmədovun məktəblilərin görüşünə gəlmələri şagirdlərin böyük marağına səbəb olub.
Azərbaycan Ordusunun zabiti mayor Anar Rzayev şagirdlərlə görüşdə bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şahidlərimizin adları verilir.
Bu siniflərdə yaradılacaq guşələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları barədə davamlı və genişmiqyaslı iş aparılacaq. Bildirilib ki, layihə çərçivəsində 72 nömrəli məktəb-liseyin də dörd sinif otağına şəhidlərimizin adları verilib.
Sonra Aprel döyüşlərinin iştirakçıları və məktəbin əlaçı şagirdləri 7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələrini sinif otaqlarının qapıları üzərinə həkk ediblər.
Məktəb-liseyin direktoru Fərqanə Abbasova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində orta təhsil müəssisələrində ardıcıl işlərin aparıldığını bildirib.
Direktor sinif otaqlarına şəhidlərimizin adlarının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini qeyd edib. Fərqanə Abbasova şagirdlərin göstərilən etimadı dərslərində uğurlar qazanmaqla doğruldacaqlarına əminliyini bildirib.
Şəhid Vüqar Süleymanovun atası Natiq Süleymanov, Çingizxan Hacıağayevin atası İlham Hacıağayev, Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova şəhidlərimizin qəhrəmanlıqları, Vətəni canlarından da çox sevmələri barədə məlumat verib, onların şəhidlik zirvəsinə ucalmaları ilə qürur duyduqlarını deyiblər. Onlar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Sinif rəhbərləri Hüsniyə İsmayılova, Nazimə Şahverdiyeva, Aida Şahbazova, Təranə Heydərova bu təhsil ocağının nümunəvi siniflərinə şəhidlərimizin adlarının verilməsinin şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində, təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynadığını bildiriblər.
Sonra məktəb-liseyin kitabxanasında 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı “Şəhidlər ölmür” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan əl işlərindən ibarət “Azadlığa gedən yolun zirvəsi” adlı sərgiyə və şagirdlərin uğurlarını əks etdirən fotolardan ibarət stendlərə baxıblar.
20 Yanvar şəhidlərinin xatirəsinin anım tədbirində çıxış edən direktor Fərqanə Abbasova nümunəvi vətəndaşın yetişdirilməsi, məktəblilərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb.
Direktor diqqətə çatdırıb ki, 72 nömrəli-məktəb liseyə adı verilən Fikrət Tağıyev də 20 Yanvar şəhididir. Bu il 90 illiyini qeyd edən məktəb-liseydə xalqımızın azadlığı və suverenliyi uğrunda həlak olan Vətən övladlarının xatirəsi daim ehtiramla edilir olunur. Azərbaycanın hərb tarixində mühüm yer tutan şanlı Aprel döyüşlərinin qazi və iştirakçılarının bu tədbirə qatılmaları məktəblilərin hərbi-vətənpərvərlik hislərinin daha da yüksəlməsində önəmli rol oynayır.
Sonra məktəb-liseyin şagirdləri 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Sonra şagirdlər “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan əsgərinə məktublar yazıblar.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
Rəylər